top of page

Azerbaijan International BIM Conference 2020


Yanvarın 28-də Bakıda “JW Marriott Absheron” mehmanxanasında “Building Information Modelling” (BIM) texnologiyalarına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirin təşkilatçıları “AUTODESK” (ABŞ) və “AZEL Systems” (Azərbaycan) şirkətləridir.

Konfransın əsas məqsədi inşaat sahəsində mövcud aktual problemlərin və bu problemlərin “Autodesk”in layihələndirmənin keyfiyyəti və effektivliyini artıran ən yeni texnologiyaların istifadəsi ilə mümkün həllərinin müzakirəsi olub. Eyni zamanda, “Autodesk”in mülki və sənaye obyektlərinin inşaatı üçün təklif etdiyi imkanlar da diqqət mərkəzində olub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müşaviri Aydın Kərimov inşaat sahəsində rəqəmsal texnologiyaların əhəmiyyətindən danışıb və BIM texnologiyalarının vacibliyini vurğulayıb. O, bu tədbirin BIM texnologiyalarının Azərbaycanda daha da dərindən öyrənilməsinə şərait yaradacağına ümidvar olduğunu bildirib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova da tədbirin və BIM texnologiyalarının vacibliyini qeyd edib. O, AzMİU-nun inşaatda ən yeni texnologiyaların tədrisində əldə etdiyi nailiyyətlərdən söz açıb. G.Məmmədova bildirib ki, artıq 2019-cu ildə “Tekla Trimble” şirkətinin tapşırığı əsasında “AZEL Systems 46 Tekla” proqram təminatı lisenziyasını AzMİU-а tədris məqsədləri üçün pulsuz təqdim edib. Rektor, universitetin “Autodesk” və “AZEL Systems” şirkətləri ilə əlaqələrin inkişafına hazır olduğunu da qeyd edib.

Daha sonra “AZEL Systems” şirkətinin rəhbəri İqor Yakovenko təmsil etdiyi qurum barədə məlumat verib. 2013-cü ildə yaranan şirkət qabaqcıl texnologiyaların tətbiqi ilə məşğuldur. “Autodesk” şirkətinin Azərbaycanda yeganə qızıl partnyoru olan “AZEL Systems”, həmçinin dünyada tanınmış “Samsung”, “Trimble Tekla”, “Dell” və digər şirkətlərin də tərəfdaşdır.

İ.Yakovenko qeyd edib ki, Azərbaycan şirkətləri yeni texnologiyaların mənimsənilməsi və tətbiqi sahəsində vacib uğurlara nail olublar. Belə ki, “Azfen” şirkəti “Autodesk” şirkətinin texnologiyaları əsasında mühüm layihələri həyata keçirir. Bu layihələr beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib.

Çıxışının sonunda İ.Yakovenko yalnız lisenziyalı “Autodesk” proqram təminatından istifadənin vacibliyini qeyd edib. O bildirib ki, ancaq lisenziyalı proqramlar layihələndirmə prosesinin sabitliyini və sürətinin təmin edir.

Sonra “Autodesk” şirkətinin 6 ölkə və o cümlədən Azərbaycan üzrə regional meneceri Gennadiy Molodetskiy “BIM texnologiyaları qarşısıalınmazdır” adlı məruzə ilə çıxış edib.

G.Molodetskiy BIM texnologiyaları üzrə qlobal tendensiyalardan və bu texnologiyaların ABŞ, Böyük Britaniyada habelə digər MDB ölkələrində tətbiqindən söhbət açıb. O xüsusi olaraq qeyd edib ki, Azərbaycanın sürətli inkişafı BIM texnologiyalarının uğurlu tətbiqinə şərait yaradır. “BIM texnologiyaları inşaatın gələcəyidir”, – deyə G.Molodetskiy qeyd edib.

Çıxışının sonunda G.Molodetskiy Aydın Kərimov və professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarına fəxri mükafatlar təqdim ediblər. İlk olaraq “Azfen” şirkətinin nümayəndəsinə “Autodesk” proqram təminatının tətbiqi üzrə şirkətin 2019-cu ildə nail olduğu uğurlar üçün fəxri sertifikat təqdim edilib. Daha sonra “AZEL Systems” şirkətinin “Autodesk”in Azərbaycanda yeganə qızıl tərəfdaşı olduğunu təsdiq edən sertifikat şirkət rəhbəri İqor Yakovenkoya təqdim olunub.

Qısa fasilədən sonra konfrans BIM texnologiyalarının daha da dərindən araşdırılması ilə davam etdirilib. “Autodesk”in texniki mütəxəssisləri bu texnologiyaların Çin və Belarusda metropoliten, “Facebook” şirkətinin ABŞ-da data mərkəzinin, Avstraliyada universitetlərin və ABŞ yaşayış məntəqələrinin tikintisində istifadəsindən danışıblar. Həmçinin qeyd edilib ki, BIM texnologiyalarının köməyi ilə dünyanın ayrı-ayrı nöqtələrində yerləşən memar və konstruktorlar effektiv əməkdaşlıq edə və eyni layihə üzərində çalışa bilərlər. Konfrans iştirakçıları bu çıxışlara maraqla qulaq asıblar və belə tədbirlərin daha tez-tez keçiriləcəyinə ümidvar olduqlarını qeyd ediblər.


Featured Posts
Recent Posts
bottom of page